Mahmudəli Çöhrəqanlı: “Millətimiz yaxın zamanda əlindən alınmış haqqına çatacaq”
Güney Azərbaycan türklərinin lider təşkilatı siyasi tələblərlə mayın 26-da Tehranın mərkəzində izdihamlı mitinq keçirəcək. Güneyli soydaşlarımızın haqq səsini Avropa və Amerika dövlətlərinə, beynəlxalq təşkilatlara duyuran GAMOH lideri, doktor Mahmudəli Çöhrəqanlıya görə, bu, Güney Azərbaycan milli hərəkatının növbəti mərhələsidir. Güneyli lider telefonla müsahibəsində hərəkatın əməli mərhələyə keçdiyini də bildirdi.
Olaylar 2003-05-15
Fars şovinizminin əsarəti altında olan Güney Azərbaycanın azadlıq mücadiləsinə rəhbərlik edən Güney Azərbaycan Milli Oyanış Hərəkatı molla rejimini silkələyəcək qüvvəyə çevrilməkdədir.

- Mahmudəli bəy, son vaxtlar Amerikadakı fəaliyyətiniz haqqında məlumat verilmir. Dövlət və hökumət adamları, beynəlxalq təşkilatların təmsilçilərilə görüşləriniz davam edirmi? Ümumiyyətlə, Avropa və ABŞ-dakı görüşlərinizin nəticələrindən razısızmı? - Bu 10 ayın ərzində Amerikada təqribən hər həftə görüşlərimiz olub. Bu görüşlərin bir hissəsini açıqlamışıq. Bir hissəsini də hərəkata və hərəkat iştirakçılarına problem yaratmamaq üzündən açıqlamaq məsləHət olmayıb. Bu görüşlərin əksəriyyəti Amerika konqresmenləri və senatorları, eyni zamanda Amerikanın bəzi hökumət və qeyri-hökumət təşkilatları ilə, özəlliklə insan haqları və demokratiya uğrunda mübarizə aparan təşkilat və şəxslərlə olub. Amerikada fəaliyyət göstərən uluslararası əfv təşkilatı və BMT-nin insan haqları komitəsinin məsulları ilə görüşlərimiz olub. İki əsas məsələ bizim nəzərimizdə var idi.
Biri Güney Azərbaycanın qurtarıcısı və siyasi nümayəndəsi olan Güney Azərbaycan Milli Oyanış Hərəkatını tanıtdıraq. Digəri isə İranda demokratiya və insan haqları ilə bağlı durumu anladaraq millətimizin hansı vəziyyətdə yaşadığını və ən ibtidai insan haqlarından məhrum olduğunu onlara anladaq. Sevinirəm ki, bunları həyata keçirə bilmişəm. Biz açıqlamışıq ki, İran istər inqilabdan əvvəl, istərsə də sonra BMT-nin insan haqları ilə bağlı olan bütün qərarlarına imza atsa da, onların çoxuna əməl etmir.
Bu mövqedən çıxış edib azərbaycanlıların bugünkü vəziyyətini incəliklərinə qədər açıqlamışıq ki, Güney Azərbaycan tanınsın, 35 milyonluq Güney Azərbaycan türkünün vəziyyəti anladılsın, onların 8 illik hərəkatları da tanınsın və bu hərəkat BMT-nin insan haqları komitəsinin və onun Beynəlxalq Əfv Təşkilatı tərəfindən dəstəklənsin. Əvvəlcədən yayılmış xəbərləri də bilirsiniz ki, biz öz hərəkatımızı BMT-nin insan haqları komitəsi və Beynəlxalq Əfv Təşkilatı tərəfindən rəsmi olaraq tanınmasına nail olduq.
- İraqdan sonra Amerikanın hədəf olaraq Tehran rejimini seçəcəyi söylənilir. Rejimi çökdürəcək əsas güclərdən birinin-Güney Azərbaycan Milli Hərəkatının lideri olaraq sizə hər hansı mesajlar varmı? - Amerikanın İranla mühüm problemləri var. Məncə, Amerika üçün İraqdan sonra İran gündəmdədir və İranla problemlərini həll etmək istəyir. Zənn edirəm ki, bu problemlər bəlkə də danışıq yolu ilə həll edilə bilmədi. Ola bilsin ki, gələcəkdə İranla Amerika arasında bundan artıq gərginlik yaransın. Amerikanın rəsmi olmasa da, dolayısı ilə Güney Azərbaycan Milli Oyanış Hərəkatına və onun məsullarına diqqət etdiyini və dəyər verdiyini hiss etdik, anladıq. Əlbəttə, bildiyiniz kimi, biz demokratik və müstəqil hərəkatıq. Əvvəl Allah, sonra millətimizdən başqa heç kimə bel bağlamamışıq. Heç kimdən əmr almırıq.
Kimsə bizə deyə bilməz ki, bu işi görün və ya görməyin. 8 ildir, tam müstəqil və özgür hərəkət etmişik. Biz dünyada mövcud olan insan və millət haqlarını müdafiə edən təşkilatların dəstəyini qazanmaq istəyirik və heç bir millətə yaraşmayan bu vəziyyətdən qurtulmaq üçün milli mənftlərimizə xəsarət dəymədən dünyada mövcud olan hər bir insansevər təşkilatla işbirliyinə razıyıq. Hal-hazırda dünyada qloballaşma prosesi sürətlə gedir. Bu gün hər hansı bir millət qarşısına çıxan problemi tək həll etmir.
Qonşuları ilə mövcud olan problemlərini uluslararası təşkilatlar və dövlətlərlə sıx əlaqədə işbirliyində həll edir. Biz də müstəqil və demokratik hərəkat olaraq, millətimizin durumunu dünya ictimaiyyətinə çatdırmışıq və bunu davam etdirəcəyik. Bütün insan və millət haqları ilə uğraşan təşkilatlarla - Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti, BMT və Amerika kimi təşkilat və dövlətlərin nümayəndələri ilə danışıb söhbətləşmişik.
- Son bir ildəbaxışlarınızda dəyişikliklər olubmu? Axır vaxtlar molla rejiminin mötədilləşməsindən, İranın demokratikləşməsindən danışılır... Bunu real hesab edirsizmi? - Mən buna inanmıram. Əvvəlcədən də demişəm, bu rejimin bünövrəsi və quruluş sistemi elədir ki, dəyişiklik ola bilməz. Onun inancında, düşüncəsində yox, əməllərində bəzi dəyişikliklər görünə bilər. Bizim babalarımız 1905-dən 80-ci illərə qədər 4 böyük hərəkat və inqilab ediblər. 1905-ci illərdə Məşrutə inqilabı, 1920-ci ildə Xiyabani Hərəkatı, 1945-46-cı illərdə Pişəvəri Hərəkatı və 1979-80-ci illərdə Şəriət Mədari hərəkatı. Biz bunların hamısını millətimizin qanı bahasına qazanmışıq.
Sonra isə fars şovinizminin tuzağına düşərək masa başında uduzmuşuq. Bütün qazandıqlarımızı əldən vermişik. Biz fars şovinizminin ədalətinə, doğru və düzgün davranışına və rəftarlarına inanmırıq. Ona görə də bu dəfə çətin ki, masa arxasında oturaq. Biz problemlərimizdən uluslararası, beynəlmiləl təşkilatların, qüdrətlərin gözü önündə iş birliyində qurtaracağıq. Son hərəkatımız çox gözəl başlayıb, gözəl də irəliləyib, yenilməz və məğlubolmaz duruma gəlib çatıb. Güney azərbaycanlılar yaxın gələcəkdə qurtulacaqlar və istədikləri kimi yaşaya biləcəklər.
Özgür və hegemon olmaq onların doğal və təbii haqlarıdır. 35 milyonluq bir millət fars şovinizminin gözündə satın alınmış millət kimi görünür. Özgür və müstəqil olmaq güney azərbaycanlıların haqlarıdır ki, istədikləri bir dövlətdə, cəmiyyətdə yaşaya bilsinlər. Zənn edirəm ki, Amerikanın İrana sarı əməliyyata başlamaq ehtimalı artdıqca Tehran rejiminin yumşalması gözləniləndir. Amma bu, həmişəlik deyil, müvəqqəti ola bilər və biz rejimin müvəqqəti yuşmalmasına inanmamalıyıq.
- Mahmudəli bəy, GAMOH-un fəaliyyəti nə yerdədir və siyasi xətt də korrektələr, dəyişikliklər yoxdur ki? - Güney Azərbaycan Milli Oyanış Hərəkatı ali səviyyədə və əla bir durumdadır. Bu hərəkatı kütləviləşdirə, sivilləşdirə, Güney Azərbaycanın hər yerinə yaymağa çalışmışıq və buna nail olmuşuq. 350 min kvadrat kilometr ərazisi və 35 milyonluq əhalisi olan Güney Azərbaycanda 7-dən 77-yə hamı bu təşkilatı tanıyır. Millətimizin 95 faizi GAMOH-u qəbul edir. Bəzi hissəsi susqun olsa da, ürəyində bu təşkilatı sevir və ona mənəvi dəstəyini əsirgəmir. Güney Azərbaycan hərəkatları tarixində ən geniş yayılmış, kütləviləşmiş və milli deyə biləcəyimiz hərəkatdır.
100 minlərlə üzvü var. Yüzminlərin arxasında öz mənəvi dəstəyini əsirgəməyən milyonlar var. Biz demokratik bir hərəkat olaraq siyasi mübarizə yolu ilə qurtulmaq istəyirik. Millətimizin qanı axmasın deyə, savaşa və fiziki toqquşmaya getmək istəmirik. Amma əgər səbrimiz tükənsə, rejimin dəyişikliyini hiss etməsək, əlimizdən alınmış haqlarımız qaytarılmasa, ola bilsin ki, hərəkatın bəzi hissələrinə nəzarət əldən çıxsın. O zaman məntəqədə savaş ola bilər. Ona görə də biz son dəfə İranda hakim olan rejimə xəbərdarlıq edirik. Deyirik:
Oyan və şeytan atından en, bu 350 min kvadrat km-lik ərazi satın aldığın ərazi deyil. 35 milyon Azərbaycan türkü və İranda yaşayan digər etniklər sənin qulların deyil, onlar Allahın bəndələri, qullarıdılar, insandılar. Onlara insan kimi yaşamağa izn ver, onların insani haqlarına sayğı duy. İzn ver, onlar əksəriyyətin rəyinə dayanaraq yaşam tərzlərini seçsinlər. İnşaallah, rejim oyanar və insana zidd düşüncə və əməllərindən əl götürər. Əgər əl götürməsə, dəyişilməsə, GAMOH özünü hər bir hadisəyə hazırlayır. Hər halda Güney Azərbaycan milləti əlindən alınmış haqqına çox yaxın zamanda çatacaq və düşmənlərini peşman və pərişan edəcək.
- Doktor, GAMOH-un rəhbərliyi ilə 50-yə yaxın təşkilat mayın 26-da Tehranda siyasi tələblərlə etiraz mitinqi keçirəcək. Bu, Quzeydə Güney Azərbaycan Milli Hərəkatının növbəti mərhələyə qədəm qoyması kimi dəyənləndirilir. Siz də belə düşünürsüz? - Belədir, Güney Azərbaycan Milli Oyanış Hərəkatı ardıcıl və təbii olaraq maneələri tapdayır və irəliləyir. Yəni həmişə söhbət, danışıq olmaz. Biz fars şovinizminin baş kəndi sayılan Tehranda belə qorxmadan, ürkmədən xiyabanlara tökülmüşük, meydanlara toplanmağa hazırıq. Son dəfə olaraq rejimi xəbərdar edirik ki, bəlkə zülmlərindən əl götürsün. Ola bilər ki, bu toplantılar toqquşmalara gətirib çıxarsın və ayrı bir inqilab başlanmaqdadır. Dəfələrlə demişik, zarafat etmirik, bir nəfərlə düşmənçiliyimiz yoxdur. Biz milli şərəfinə, milli namusuna fars şovinizminin ayağı basılmış, varlığımıza fars şovinizmi tərəfindən təcavüz olunmuş bir millətik.
Biz and içmişik: ya şərəflə, heysiyyatla yaşayaq, ya qırmızı ölüm bizə halal olsun! Bütün gücümüzlə qan axmasına qarşıyıq. Amma insanlarımız daxilində düşmən bizim qanımızı axıdırsa, bu məzlum millətin əlindən alınmış ibtidai haqlarını ona qaytarmırsa, onda savaşın çıxması ehtimalı yox yüksək səviyyədədir. Hər halda biz oturmayacağıq. Oturmaq mərhələsi bitib. Hərəkat əməl mərhələsindədir. Xalq dediklərinə, yazdıqlarına və istədiklərinə əməl olunmasını istəyir. Bu əməl düşmən tərəfindən olunmalıdır. Bu milli təcavüzə son qoyulmalıdır.
Hər ay, hər 15 gündən bir nümayişlərimiz olacaq. İnanıram ki, bu nümayiş və yürüşlər bir gün nəzarətdən çıxacaq və fiziki toqquşmalarla sonuclanacaq. Ona görə biz şərait və durumumuzu dünya ictimaiyyətinə demişik, yazmışıq. Bunu İranın bütün etnikləri, Türkiyə, Quzey Azərbaycan, Avropa, Amerika, BMT bilir. Biz bundan artıq neyləyə bilərik? İran rejimi bizə insan kimi yaşamağa izn vermir. Biz nə edək, oturaq baxaq? Hər halda hərəkat nəzəri mərhələdən əməli mərhələyə keçmiş durumdadır. Ola bilər ki, bundan sonra gözlənilməz olaylar baş versin.
- Görüş və danışıqlarınızda millətimizin bir parçası olan Kərkük türklərinin problemlərini də qaldırırsızmı?
- Bu yaxınlarda Bakıda səfərdə olan İranın xarici işlər naziri Kamal Xərrazi Güney Qafqazda təhlükəsizlik sisteminin yaradılmasını təklif edib. Sizcə, molla rejimi Güney Qafqaz ölkələrinə, özəlliklə Azərbaycana münasibətdə səmimidirmi? - Onların hərəkətlərinin səmimiliyinə inanmıram. Fars şovinizmi həmişə Azərbaycan türkünün qarşısında durub və onun düşmənlərinin cərgəsində olub. Onların Azərbaycan türkünün tarixi düşməni olan rusla strateji və geostrateji dostluğu var. Azərbaycan türkünün qanını içən və torpağını işğal edən ermənilərlə yaxın dostluğu və işbirliyi var. İranın Azərbaycan və türk düşmənlərilə yaxın dost olmasına inanaq, ya bunun qonşuları olan müsəlman millətlərlə düzgün insani davranışına? Biz keçmiş təcrübəyə dayanaraq onların türk düşməni olduğuna inanırıq. Azərbaycanlı bunu bilməlidir ki, bu gün əgər onlar bizə yaxınlaşırlarsa, öz mənftlərinə dəyər verərək gəlirlər.
“Ulaqları körpüdən keçsin” deyə, yaxın gəlirlər. “Ulaqları körpüdən keçəndən” sonra o körpünü vurub yıxacaqlar. Azərbaycanlı heç zaman fars şovinizminin dostluğuna inanmamalıdır. Bunu bütün tariximiz, özəlliklə keçən yüz ildə olan təcrübələrimiz sübut etməkdədir. Güney Qafqazda təhlükəsizlik sisteminin qurulması təklifinin verilməsi İranın öz marağı ilə bağlıdır. Rejim mənsubları özlərini yalqız qalmış hiss edirlər. Özlərini Amerika və müttəfiqlərinin hədəfində olduqlarını hiss edirlər. Özlərinə bu yalqızlıqdan çıxmaq üçün müvəqqəti dost axtarırlar. Amma onların bu dostluğa sədaqətləri olmayacaq.